Azərbaycanla İsveçrə arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası keçirilib - FOTO

Azərbaycanla İsveçrə arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2014 11:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mayın 26-da Berndə Azərbaycan və İsveçrə arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda çıxış edən Birgə Komissiyanın həmsədri, nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və İsveçrə arasında 20-dən çox ikitərəfli sənəd, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunmasına, ticarət və iqtisadi əməkdaşlığa, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədlər imzalanıb.

Nazir bildirib ki, Azərbaycanda xidmət, sənaye, ticarət, tikinti, rabitə, nəqliyyat, maliyyə və s. sahələrdə 81 İsveçrə investisiyalı şirkət fəaliyyət göstərir. İsveçrə hökuməti tərəfindən indiyədək Azərbaycana 70 mln. ABŞ dolları həcmində qrant ayrılıb. Regional layihələr də daxil olmaqla, SECO tərəfindən Azərbaycanda indiyədək 32 layihə həyata keçirilib. Bunlardan 15-nin icrası artıq başa çatdırılıb. Hazırda 17 layihənin icrası davam etdirilir. Birgə həyata keçirilən “Azərbaycanda investisiya mühiti” layihəsi çərçivəsində lisenziyalar və icazələr, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində qanun layihələri hazırlanıb, icazələrin elektron informasiya portalı yaradılıb.

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi Liviya Leu da ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu söyləyib.


İclasın sonunda Azərbaycan və İsveçrə arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Protokolda sənaye, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, su təsərrüfatı, enerji, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

Sonra İsveçrə-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 120-dən çox iş adamı iştirak edib.

Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə İsveçrənin Rusiya və MDB ölkələri üzrə Birgə Ticarət Palatası arasında anlaşma memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR