Balakəndə 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Balakəndə 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
# 08 fevral 2014 13:54 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkili Kamilə Əliyeva, prezident administrasiyasının əməkdaşı Əflatun Rufiyev, müvafiq idarə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra rayon Mədəniyyət Evində Balakən rayonunun sosial-iqtisadi və tarixi-mədəni irsini əks etdirən sərgiyə baxış keçirilib. Ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr mövzusunda geniş məruzə ilə çıxış edən Balakən RİH-in başçısı İslam Rzayev respublikada gedən sürətli inkişafdan, xüsusilə də regionların iqtisadi inkişafı üçün ilk Dövlət Proqramının qəbulundan keçən 10 il ərzində sosial-iqtisadi inkişafın əhəmiyyətindən danışıb. O, çıxışında bildirib ki, ötən dövr ərzində ümumi məhsul buraxılışı 21,6% artıb. Nəticədə 57,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 5,9 milyon manatlıq sənaye məhsulu istehsal olunub, 69 milyon manatlıq tikinti işləri görülüb. Azərbaycan prezidentinin “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında sərəncamının icrası ilə əlaqədar keçən il istehsalçılara 5630,35 hektar əkin sahəsinə görə 225 214 manat yardım verilib. Bununla yanaşı, buğda əkininə görə 2668 manat, o cümlədən 161,2 ton mineral gübrələr fermer və sahibkarlara güzəştli qiymətlərlə satılıb.

İslam Rzayev sakinləri ən çox narahat edən məsələ - 2012-ci ilin may ayında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması sahəsinin də daim diqqətdə saxlanıldığını bildirib. Məlumat verilib ki, zəlzələ zamanı rayon ərazisində 842 evin qəzalı, 2429 evin isə gücləndirilmiş bərpaya ehtiyacı olduğu qənaətinə gəlinib. İndiyədək 842 qəzalı evdən 739-u yenidən inşa olunub, 103 evin tikintisi nəzərdə tutulub, həmçinin 2287 nəfərə evlərinin bərpası üçün kompensasiya pulu ödənilib. Hesabat yığıncağında xüsusi qeyd olunub ki, Prezidentin Ehtiyat Fondundan Balakən rayonunun sosial-iqtisadi inkişafı üçün 2 milyon manat, 44 min nəfər əhalinin yaşadığı və 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR