Azərbaycan Çində keçiriləcək Davosun Yay Forumunda iştirak edəcək

Azərbaycan Çində keçiriləcək Davosun Yay Forumunda iştirak edəcək
# 04 sentyabr 2013 11:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan nümayəndə heyəti sentyabrın 11-13-də Dalyanda (Çin) keçiriləcək Davosun Yay Forumunda iştirak edəcək. Tədbir çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bir sıra ölkələrin sahə nazirləri və aparıcı beynəlxalq təsisatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 12-də nazir Ə.Abbasovun iştirak edəcəyi «Dünya İqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf» mövzusunda görüş keçiriləcək.

Forum çərçivəsində nazir «Rəqəmsal iqtisadiyyatın qorunması» mövzusunda sessiyada əsas məruzəçi olmaqla yanaşı, «22-ci əsrdə İpək Yolunun kəşfi» mövzusunda müzakirələrdə xüsusi qonaq qismində çıxış edəcək və TASİM (Trans Avrasiya Super İnformasiya Magistralı) layihəsinin əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat təqdim edəcək.

Bundan başqa, Davos Yay Forumunda Ə.Abbasovun İT və Telekommunikasiya üzrə Sammiti və strateji görüşdə, kibermöhkəmlik, rəqəmsal infrastrukturun çatdırılması və digər əhəmiyyətli mövzulara həsr olunmuş sessiyalarda iştirakı gözlənilir.

Qeyd edək ki, hər il ənənəvi olaraq keçirilən Forumda dünyanın qabaqcıl qlobal biznes strukturlarının nümayəndələri də iştirak edirlər.

Həmçinin, Davos Yay Forumu kimi tanınan görüşdə əsas qərar qəbul edənlər, o cümlədən dinamik və sürətlə inkişaf edən şirkətlərin strateqləri, əməkdaşları və liderləri arasında mübadilə üçün unikal imkan yaradılır.

Tədbirdə hökumət, media, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir. Bu müzakirələrdə əldə olunan nəticələri, strategiyaları və həlləri bölüşmək, o cümlədən qlobal məsələləri və riskləri müzakirə etmək üçün 90 ölkədən 1500-dən çox iştirakçı bir araya gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR