“Qarabağ: Folklor da bir tarixdir” çoxcildliyi xüsusi mükafata layiq görülüb - FOTO

“Qarabağ: Folklor da bir tarixdir” çoxcildliyi xüsusi mükafata layiq görülüb - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 09:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir” kitabı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Kitab Beynəlxalq Sərgi-Yarmarkasında “Ən yaxşı kitab” nominasiyasının xüsusi mükafatına layiq görülüb.

AMEA Folklor İnstitutundan APA-ya verilən məlumata görə, mükafat Bakı Beynəlxalq Sərgi-Yarmarkasının bağlanışı münasibətilə keçirilən tədbirdə qalibə təqdim olunub. Mərasimi giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, Reklamın Təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli bildirib ki, bu cür dəyərli bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi prezident İlham Əliyevin mədəniyyətlə bağlı siyasətinin davamıdır.

Daha sonra Nəşriyyat, Reklamın Təşkili və İnformasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmiş nəşriyyat və təşkilat nümayəndələrini mükafatların təqdimi üçün səhnəyə dəvət edib. İctimai xadimlərin, sənət və ədəbiyyat adamlarının, naşirlərin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən təqdim etmə mərasimində çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlu (İmanov) göstərilən diqqətə və verilən dəyərə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, sərgi çərçivəsində 100-dən çox milli və beynəlxalq təşkilat və nəşriyyat təmsil olunub, ədəbi-mədəni tədbirlər keçirilib. Sərginin sonunda üç gün davam edən beynəlxalq tədbirdə fəal iştirak edən nəşriyyatlar diplomlarla mükafatlandırılıb. “Ən yaxşı nəşriyyat” nominasiyasında isə Azərbaycan ədəbiyyatının Türkiyədə çapı və təmənnasız yayılmasında göstərdiyi xidmətlərə görə Türkiyənin “Bengü” Yayınlar Evi xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, Qarabağı dünyaya daha yaxından tanıtmaq üçün Folklor İnstitutu 2012-ci ildə «Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması» üzrə xüsusi layihə hazırlayıb və İnstitutun bir çox əməkdaşları layihənin icrasına cəlb edilib. Layihədə əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Layihədə məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir. Layihə çərçivəsində artıq dörd kitab çap olunub. Bu kitablarda 90-dan artıq mifoloji mətn, 400-dən artıq əfsanə və rəvayət, 180-dən artıq nağıl, 200-dən artıq lətifə, 500-ə yaxın atalar sözü, 1000-dən artıq bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, uşaq folkloruna aid digər nümunələr çap olunub oxuculara təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR