“Azərbaycan ailəsi” film festivalının 5 illik yubiley mərasimi keçirilib

“Azərbaycan ailəsi” film festivalının 5 illik yubiley mərasimi keçirilib
# 22 may 2013 09:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalının 5 illik yubiley mərasimi keçirilib. APA-nın xəbərinə görə, festival AQUPDK, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində təşkil olunub.

Tədbirin açılışında çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, ailə dəyərlərinin gənc nəsil arasında təbliğinin prioritet istiqamətlərindən birini məhz maarifləndirmə təşkil edir. Onun sözlərinə görə, 2009-cu ildən başlayaraq artıq 5-ci dəfədir ki, keçirilən “Azərbaycan ailəsi” qısametrajlı filmlər festivalı həmin maarifləndirmə işlərinin bir hissəsidir. Ənənənin davamı olaraq bu ilin martında “Azərbaycan ailəsi-2013” filmlər festivalına start verilib. Builki festival Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Layihənin əsas məqsədi ailə institutunu möhkəmləndirmək, cəmiyyətdə ailənin nüfuzunu yüksəltmək milli ailə dəyərlərinin təbliği və yaşadılmasıdır. Festivala təqdim olunan maraqlı işlər sayı ildən-ilə artır. Belə ki, bu il festivala 140 iş təqdim edilib. Bu festival sənətdə ilk addımlarını atan gənc rejissorların istedadlarını və öz yaradıcılıq imkanlarını nümayiş etdirmələri, öz işlərini geniş tamaşaçı kütləsinə təqdim etməsi üçün geniş imkanlar yaradır”.

Tədbirin sonunda münsiflər heyəti təşkilat komitəsinə təqdim olunan materiallarla bağlı ən yaxşı film, ən yaxşı xarici film, ən yaxşı sənədli film nominasiyaları üzrə seçim apararaq qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR