Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 220 mln. dollar kredit ayırıb

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 220 mln. dollar kredit ayırıb
# 23 sentyabr 2013 10:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi üçün əlavə maliyyələşdirmə”yə dair layihə sazişi imzalanıb.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sənədi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və BYİB-in Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko imzalayıblar.

Layihənin əlavə maliyyələşdirilməsi ilə bağlı Dünya Bankı ilə müvafiq danışıqlar aparılıb. Nəticə olaraq Azərbaycanla BYİB arasında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi üçün əlavə maliyyələşdirmə”yə dair kredit sazişinin və BYİB ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bu sənədə dair layihə sazişinin layihələri hazırlanıb.

Bununla da BYİB tərəfindən 220 mln. ABŞ dolları məbləğində kredit vəsaitinin (8 ili güzəştli olmaqla 23 il müddətinə, Libor üzərinə əlavə olunan dəyişən spred 0,25% dərəcəsi ilə) ayrılıb.

Qeyd edək ki, “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi”nin əsas məqsədi Azərbaycanda dəmir yolu xidmətlərinin, eləcə də rəqabət qabiliyyətliliyinin, maliyyə dayanıqlılığının, əməliyyat və xərc səmərəliliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin xüsusilə Gürcüstan istiqamətində nəqliyyat dəhlizində (Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Azərbaycana aid olan hissəsi) imkanların təkmilləşdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR