Görkəmli kinorejissor Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək

Görkəmli kinorejissor Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək
# 06 noyabr 2013 12:42 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Noyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində görkəmli kinorejissor Rasim Ocaqovun 80 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, xatirə gecəsində kino xadimləri, Rasim Ocaqovun yaradıcılığını sevənlər, rejissorun sənət dostları çıxışlar edəcəklər. Yubiley tədbirində sənətkarın həyatının müxtəlif məqamlarını əks etdirən fotosərgi və sənədli film nümayiş olunacaq.

Qeyd edək ki, AzərbaycanSSRİ-nin dövlət mükafatları laureatı, xalq artisti Rasim Ocaqov 22 noyabr 1933-cü ildə Şəkidə anadan olub.

1956-cı ildən kino fəaliyyətinə başlayan rejissor "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Skripkanın sərgüzəşti" və “Bir cənub şəhərində” filmləri ilə Azərbaycan kinosunda operatorluq sənətinin yaddaqalan nümunələrini yaradıb.

Rasim Ocaqov ilk dəfə rejissor kimi "Gəncəbasarlı qisasçı", ardınca isə "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "İstintaq", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "Təhminə" və "Otel otağı" kimi filmləri çəkib. O, 2006-cı ildə Bakıda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR