Ötən ay Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar 5 mln. manatdan çox olub

Ötən ay Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar 5 mln. manatdan çox olub
# 02 iyul 2014 11:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayında 69 440 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, bunların 20 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5 mln. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,4% artım, sığorta haqlarının məbləğində 2,28% azalma müşahidə edilib.

Ümumilikdə bu ilin altı ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 416 mindən çox sığorta müqaviləsi bağlanılıb və müqavilələr üzrə sığorta haqları 32,2 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk altı ayı ərzində sığorta müqavilələrinin sayında 5,03%, sığorta haqlarının məbləğində isə 6,39% azalma müşahidə edilib.

Bu ilin iyun ayında orta sığorta haqqı 73 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,75 manat azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR