Goranboyda sahibkarlar üçün treninq keçirilib

Goranboyda sahibkarlar üçün treninq keçirilib
# 01 aprel 2014 15:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında növbəti treninqlər keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib.

Treninq iştirakçılarına biznes ideyanın yaradılması və biznes planların tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və s. barədə məlumatlar verilib.

Tədbir çərçivəsində “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularında təqdimatlar keçirilib.

Bundan başqa, tədbir iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlandırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR