Görkəmli kinorejissor Niyazi Bədəlovun xatirə gecəsi keçirilib

Görkəmli kinorejissor Niyazi Bədəlovun xatirə gecəsi keçirilib
# 01 may 2014 11:15 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 30-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Niyazi Bədəlovun anadan olmasının 105 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə keçirilib.

Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev bildirib ki, tanınmış kinorejissor N.Bədəlov Azərbaycanda sənədli filmlərin banilərindən biridir: “Rejissorun bütün sahələrdən çəkdiyi filmlər yüksək peşəkarlığı, öz yozumu, quruluşu, forması ilə seçilir”.

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə kinorejissorun həyat və fəaliyyəti, çəkdiyi filmlər haqqında tədbir iştirakçılarına məlumat verib: “Niyazi Bədəlov 1909-cu ildə Şəkidə anadan olub. Əmək fəaliyyətinə 1927-ci ildə “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi başlayıb. O, 1931-1936-cı illərdə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Bakı kinostudiyasında əmək fəaliyyətini davam etdirən gənc rejissor “Komsomol nəsli”, “General Həzi Aslanov”, “Dağlıq Qarabağ”, “Məhəmməd Füzuli”, “M.F.Axundov”, “Hanı mənim övladlarım?”, “Xalq Şairi Səməd Vurğun” kimi 40-dək sənədli film lentə alıb”.

Tədbirdə N.Bədəlova həsr edilən fotosərgi nümayiş etdirilib, onun quruluş verdiyi filmlərdən fraqmentlər göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR