Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin təhsil nazirlərinin üçüncü görüşü Azərbaycanda keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin təhsil nazirlərinin üçüncü görüşü Azərbaycanda keçiriləcək
# 25 noyabr 2013 15:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əskişəhərdə (Türkiyə) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə) təhsil nazirlərinin ikinci görüşü keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak edib.

C. Bayramov çıxışında Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar və Azərbaycan prezidentinin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyəti barədə danışıb. Nazir müavini ortaq tarix, dil, mədəni və dini irsin mövcudluğunun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin qarşılıqlı maraq doğuran məsələlər və xüsusilə təhsil sahəsində əməkdaşlığına geniş imkanlar yaratdığını bildirib. C. Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Akademiyası və Türk Universitetlərarası İttifaqının yaradılmasının əhəmiyyətinə toxunub, əlifba və terminologiya sahəsində əməkdaşlığın, təhsil sistemlərinin Bolonya prosesi çərçivəsində uyğunlaşdırılmasının ölkələrin və xalqların bir-birinə daha da yaxınlaşdırılmasında mühüm rol oynayacağını qeyd edib.

Görüş iştirakçıları üzv ölkələrin milli qanunvericiliyinə uyğun icra olunması şərti ilə “Türk Universitetlərarası İttifaqının və Ali Təhsil Məkanının yaradılması üzrə Direktiv”in təsdiq edilməsi, müştərək hazırlanacaq ortaq tarix kitablarının orta məktəblərdə tədrisi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin təhsil nazirlərinin üçüncü görüşünün Azərbaycanda keçirilməsi barədə qərara gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR