Azərbaycan yığması reytinq siyahısında geriləyəcək

Azərbaycan yığması reytinq siyahısında geriləyəcək
# 25 noyabr 2013 10:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının bu həftə açıqlanacaq FİFA reytinqində mövqeyi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, ali futbol qurumunun noyabrın 28-də rəsmən açıqlayacağı siyahı artıq indidən məlumdur.

Noyabrda 2 yoxlama görüşü keçirən millimiz ayın 15-də Tallinndə Estoniyaya 1:2 uduzub, 4 gün sonra Bişkekdə Qırğızıstanla qolsuz heç-heçə edib ki, bu da 3 gün sonra açıqlanacaq reytinq cədvəlində geriləməyə səbəb olub.

Oktyabrda planetin 88-ci komandası olan Berti Foqtsun yetirmələri bu dəfə 95-ci sırada qərarlaşacaq. Yeni siyahıda hesabında 363 xalı olan yığmamız 7 pillə geri düşəcək. Komandamız ötən ay özündən arxada qərarlaşan Efiopiya, Çin, Anqola, Oman, Konqo, Şimali İrlandiya və Salvador millilərindən geri qalacaq.

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1554), Almaniya (1318) və Argentina (1251) yığmaları liderliyini qoruya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR