Gələn il Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalar 13% artacaq

Gələn il Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalar 13% artacaq
# 08 oktyabr 2013 11:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın 2014-cü il dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə təmin edilən gəlirlərin 12,4%-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu, nominal ifadədə 882,0 mln. manat təşkil edəcək. «APA-Economics»in xəbər verdiyi kimi, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Nəticədə, 2012-ci illə müqayisədə bu vergi növü üzrə daxilolmaların 69,0 mln. manat və ya 8,5%, 2013-cü ilin proqnozu ilə müqayisədə isə 99,0 mln. manat və ya 12,6% artacağı gözlənilir.

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar isə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin 31,2%-ni təşkil etməklə 2 217,0 mln. manat həcmində proqnozlaşdırılır ki, bunun da 977,0 mln. manatını neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi məbləği təşkil edəcək.

Hüquqi şəxslərin mənfəət vergisi 2012-ci ilin faktiki icrası ilə müqayisədə 35,0 mln. manat və ya 1,6%, 2013-cü ilin proqnozu ilə müqayisədə 62,0 mln. manat və ya 2,7% az proqnozlaşdırılır.

Qeyri-neft sektoru üzrə mənfəət vergisi 950,0 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2012-ci ilin faktına nisbətən 269,8 mln. manat və ya 39,7%, 2013-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən isə 116,0 mln. manat və ya 13,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR