Şəkidə sahibkarlara 638 min manat güzəştli kredit verilib - VİDEO

Şəkidə sahibkarlara 638 min manat güzəştli kredit verilib - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2013 12:26 (UTC +04:00)

Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Şəki rayonunun Aşağı Laysqı kəndində keçirilmiş «Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat dövlətin güzəştli krediti verilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Tədbirdə çıxış edən Şəki rayon İcra Hakimiyyəti başçısının müavini Xəlil Xəlilov, İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov dövlət proqramları çərçivəsində Şəkidə görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3 527 investisiya layihəsinin maliyyələşdirilməsinə 245,2 mln. manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 10 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İndiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 444 investisiya layihəsinin maliyyələşdirilməsinə 88,3 mln. manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 8 300-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Ş.Abdullayev SKMF-in «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və yeni internet səhifəsi barədə məlumat verib.

Bildirilib ki, yeni tətbiq olunan sistemin köməyi ilə artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilənədək bütün proses elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı Fondun rəsmi internet səhifəsinə www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. Yeni sistem vaxt itkisinin qarşısının alınmasına, izafi xərclərin aradan qaldırılmasına yardım edəcək.

«Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində dövlətin güzəştli krediti ayrılmış Şəki rayonunun Daşüz kəndində ildə 52,5 min ton kərpic və 17,5 min ton keramik istehsal etmək gücünə malik olan zavodda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR