AEBA müfəttişləri Yəzddəki Sağənd uran mədəninə baxış keçiriblər

AEBA müfəttişləri Yəzddəki Sağənd uran mədəninə baxış keçiriblər
# 07 may 2014 11:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri mayın 6-da on illik fasilədən sonra Yəzd şəhərindəki Sağənd uran mədəninə texniki baxış keçiriblər.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu addım İranla AEBA arasında imzalanmış 7 maddəlik anlaşma çərçivəsində baş tutub. Bu gün isə həmin razılaşmanın digər müddəalarından biri olan Ərdəkandakı Təğliz kondensasiya zavoduna texniki baxış keçiriləcək.

Artıq razılaşma mətnində yer almış müddəalardan biri olan Ləşkərabad Lazer Mərkəzinə texniki baxış olub. Eyni zamanda səfər çərçivəsində Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoru barədə informasiyanın təqdim edilməsi, AEBA ilə birgə İR-40 ağır su nüvə reaktoru üçün mühafizə tədbirlərinin razılaşdırılması və nüvə materiallarının idxal-ixracına dair məlumatın təmin edilməsi kimi addımların da icrası ilə fevralın 8-9-da Tehranda tərəflər arasında 7 məsələ ilə bağlı əldə olunmuş razılaşma yerinə yetiriləcək. Əgər hansısa problem yaranarsa, növbəti müzakirələrdə aradan qaldırılmağa çalışılacaq.

Qeyd edək ki, AEBA rəsmisi Massimo Aparonun rəhbərlik etdiyi üç nəfərlik nümayəndə heyəti mayın 4-dən İranda səfərdədir. Onlar mayın 5-də İran Atom Enerjİsi Təşkilatında “Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoru üçün həll yolunun tapılması” adlı iclasda iştirak ediblər. Yığıncaq AEBA müfəttişlərinə Ərak şəhərindəki İR-40 ağır su nüvə reaktoruna texniki baxış keçirmələrinə icazə verilməsi barədə razılığın əldə olunması ilə başa çatıb. AEBA müfəttişləri mayın 7-də Tehranı tərk etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR