Naxçıvanda hüquq islahatları ilə bağlı keçirilən beynəlxalq seminar başa çatıb

Naxçıvanda hüquq islahatları ilə bağlı keçirilən beynəlxalq seminar başa çatıb
# 29 oktyabr 2013 11:53 (UTC +04:00)

Bakı-APA. Naxçıvan şəhərində keçirilən “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair” ikigünlük beynəlxalq seminar bu gün də davam etdirilib.

Azərbaycan Hüquqşünasları Konfederasiyasından (AHK) APA-ya verilən məlumata görə, seminarın növbəti mövzuları “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi: Ədalətli məhkəmə araşdırılması hüququ (Normanın tətbiqi dairəsi: mülki hüquq, cinayət hüququ, prinsip etibarilə həmçinin inzibati hüquq; Müstəqil olan bir məhkəməyə çatım hüququ; Ədalətli məhkəmə araşdırılmasına olan tələblər (misal üçün, dinlənilmə hüququ, tərəflərin imkan və vasitələrin bərabərliyi, icraat materialları ilə tanış olmaq hüququ); Açıq şifahi məhkəmə icraatı; Təqsirsizlik prezumpsiyası və ittiham olunan şəxsin hüquqları; Qərarın ağlabatan müddət ərzində qəbul olunması) olub. Məruzəçi qismində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof. Dr. Mixaela Vittinqer və Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann çıxış ediblər.

Daha sonra Çingiz Əsgərov, Otto Mallmann və Federal Publik İdarəçilik İnstitutunun publik hüquq (dövlət və Avropa hüququ) üzrə professoru Prof. Dr. Mixaela Vittinqer “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi: İşgəncənin qadağan edilməsi”, “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi: şəxsi və ailə həyatının qorunması hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi: Vicdan və din azadlığı”, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi: Fikir ifadə etmək azadlığı” “Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi: Birləşmək və toplaşmaq azadlığı” mövzularında məruzələr ediblər. Bundan sonra müzakirələr aparılıb. Bununla da Naxçıvan şəhərində keçirilən iki günlük beynəlxalq seminar başa çatıb.

Seminar Naxçıvan Muxtar Respublikası Ali Məclisini sədri Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlğı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR