İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin ilkin mərhələsi başa çatıb

İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin ilkin mərhələsi başa çatıb
# 15 oktyabr 2013 21:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Oktyabrın 15-də Cenevrədə İranla “altılıq” ölkələri arasında başlamış növbəti nüvə müzakirələrinin ilkin mərhələsi başa çatıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, BMT-nin Avropadakı ofisində keçirilən danışıqlar oktyabrın 16-da davam etdiriləcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavinləri Seyid Abbas Əraqçı və Məcid Təxti Rəvançı, həmçinin nazirlikdən Həmin Bəidinejad və Davud Məhəmmədiyə, eyni zamanda İranın Atom Enerjisi Agentliyindən Məhəmməd Əmiri daxildir. Görüş İranla “altılıq” ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Bu baxımdan müzakirələrdə İran nümayəndə heyətinə nazir müavini Seyid Abbas Əraqçı rəhbərlik edib. M. Zərif yalnız İranın “altılıq” ölkələrinə təqdim etdiyi planı açıqlayıb.

A.Əraqçı görüşdən sonra jurnalistlərə açıqlamasında tərəflər arasında müzakirələrin müsbət keçdiyini bildirib.

Onun sözlərinə görə, yeni təklifdə məqsəd İranın dincməqsədli nüvə enerjisindən faydalanmaq və qarşı tərəfə rəsmi Tahranın nüvə fəaliyyətlərinin sülhməqsədli olduğuna dair zəmanət verməkdir.

A. Əraqçı həmçinin deyib ki, təklifdə əsas hədəf İranın haqları və nüvə fəaliyyətlərinin sülhməqsədli olduğuna dair zəmanətdir: “Rəsmi Tehran dinc məqsədlər üçün nüvə enerjisindən faydalanmaq, bu sahədə iş və araşdırma aparmaq haqlarının tanınması, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yoxlamalarından yararlanmaq, İranın haqlarının yerinə yetirilməsi üçün beynəlxalq əməkdaşlığın edilməsi, birtərəfli və çoxtərəfli sanksiyaların tamamilə qaldırılması və ortaq narahatlıqlarla bağlı əməkdaşlıq etmək surəti ilə bu hədəfə çatıla biləcəyini düşünür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR