Gələn ay Bakıda beynəlxalq su texnologiyaları sərgi və konfransı keçiriləcək

Gələn ay Bakıda beynəlxalq su texnologiyaları sərgi və konfransı keçiriləcək
# 14 mart 2014 09:09 (UTC +04:00)

Bakı – APA-Economics. Aprelin 10-12-da Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEC-2014) sərgi-konfransı keçiriləcək.

Sərginin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «CATEC-2014» sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və Azərbaycanın milli su operatoru «Azərsu» ASC-nin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunacaq.

Ölkədə su təchizatı, eləcə də sutəmizləmə laboratoriyalarının yaradılması üzrə irimiqyaslı layihələrin fəal surətdə həyata keçirilməsi və planlaşdırılması ilə əlaqədar olaraq, su texnologiyalarına həsr olunmuş sərgi və konfransın keçirilməsi olduqca aktual məsələdir. Belə ki, sərgidə bu sənaye sahəsi ilə bağlı müasir nailiyyətlər, eləcə də sonradan sənayedə tətbiq olunan və onun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdirilir.

Bu il «CATEC-2014» sərgisində ziyarətçilərin diqqətinə su təchizatı və tullantı, yağış sularının təmizlənməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun analizi üçün ölçmə və tənzimləmə texnologiyaları, pompalar, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar və su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər ən yeni texnologiyalar təqdim ediləcək.

«CATEC-2014» sərgisində Türkiyə, Almaniya, Avstriya, Danimarka, İtaliya, Kanada, ABŞ, İsveçrə, Litva və s. ölkələrdən aparıcı texnologiya şirkətləri və təchizatçıların, habelə ekoloqlar və tikinti şirkətlərinin iştirakı gözlənilir.

«CATEC-2014» sərgisi ilə yanaşı II Xəzər Beynəlxalq Su Texnologiyaları konfransı keçiriləcək. Bu konfrans qabaqcıl texnologiyaların nümayişi ilə sənayenin aktual məsələlərinə həsr olunmuş müzakirənin səmərəli şəkildə bir araya gətirilməsinə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR