Mirvari Qəhrəmanlı: “Qızıma demişəm ki, hətta mən ölsəm belə, Azərbaycana 3 aydan tez qayıtmasın”

Mirvari Qəhrəmanlı: “Qızıma demişəm ki, hətta mən ölsəm belə, Azərbaycana 3 aydan tez qayıtmasın”
# 23 may 2014 11:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Qızıma demişəm ki, hətta mən ölsəm belə, Azərbaycana 3 aydan tez qayıtmasın”.

APA-nın məlumatına görə, bunu bu gün Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ilə bağlı mətbuat konfransı keçirən anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

M. Qəhrəmanlı qızının hansı ölkədə olması ilə bağlı sualı belə cavablandırıb: “Mətanətlə tez-tez danışıram. O, indi başqa bir ölkədə müalicə olunur. Amma mən onun yerini demək istəmirəm. Çünki onun oğurlanmasından qorxuram”.

Bununla belə, M. Qəhrəmanlı qızının ölkədən qaçdığını yazan media orqanlarına əsəbi reaksiya verib.

M. Qəhrəmanlı bildirib ki, qızına prokurorluqda şahiddən təqsirləndirilən şəxsə çevrilə biləcəyini söyləyiblər: “Onu qorxudublar ki, sən şahiddən təqsirləndirilən şəxsə çevriləcəksən”.

M. Qəhrəmanlı və vəkil Samirə Ağayeva M. Əzizovanın oğlu və həyat yoldaşının sərhəddən buraxılmamasının doğru olmadığını bildiriblər.

Vəkilin dediyinə görə, bu şəxslərin sərbəst hərəkət hüquqları pozulub. Bildirilənə görə, onlar Barjomiyə istirahətə gedirmişlər.

Qeyd edək ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsində şahid qismində dindirilib. Daha sonra M. Əzizovanın evində də axtarış aparılıb.

M. Əzizova istintaqa ifadə verəndən dərhal sonra ölkəni tərk edib. Onun hansı ölkədə olduğu açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR