Gürcüstanda güclü külək və leysan yağışlar fəsadlar törədib

Gürcüstanda güclü külək və leysan yağışlar fəsadlar törədib
# 03 dekabr 2013 21:13 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Qərbi Gürcüstanda qar yağır, güclü külək və leysan yağışlar fəsadlar törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hava şəraitinin pisləşməsi ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik sürücüləri pis hava şəraitində avtomobildən istifadə etməməyə çağırıb. Məlumata görə, Tiflisdən Batumiyə uzanan magistral yolda vəziyyət gərginləşib. DİN Rikoti aşırımında gediş-gəlişin hələlik qadağan olunduğunu bildirib. Sabah qarlı yollarda hərəkət gündüz vaxtlarında təkərlərə zəncir taxmaqla icazə veriləcək.

Məlumata görə, Batumidə də hava şəraiti pisləşib. Batumi-Axalsixe magistral yolunun bir hissəsində leysan yağışlar nəticəsində torpaq uçqunu baş verib. Batumidə dənizdə 5 bal gücündə fırtına başlayıb, külək ağacları qırıb, ciddi fəsadlar yaranıb. Batumi aeroportunda təyyarə uçuşlarının vaxtı dəyişdirilib. Paytaxt Tiflisdə isə güclü külək nəticəsində Ədliyyə Evinin damı uçub, idarənin əməkdaşları isə evakuasiya olunub. Hadisə yerinə jurnalistlər buraxılmayıb, fövqəladə hallar departamentinin xilasetmə briqadaları hadisə yerində çalışırlar. Tiflisdə güclü külək nəticəsində qaz xəttində qəza baş verib və 15 min abonent qazsız qalıb.

Gürcüstan Milli Ətraf Mühiti Agentliyi bildirib ki, hava şəraitinin pisləşməsi bir neçə gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR