QMİ-nin zəmanət verdiyi şirkətlərə halal ət məhsullarının istehsalı ilə bağlı ilkin müsbət rəy verilib

QMİ-nin  zəmanət verdiyi şirkətlərə halal ət məhsullarının istehsalı ilə bağlı ilkin müsbət rəy verilib
# 07 aprel 2014 14:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) halal məhsulların istehsalı ilə bağlı zəmanət verdiyi ikinci şirkətin də “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciətinə baxıb və ilkin müsbət rəy verib.

“Halal Qida” MMC-nin icraçı direktoru Azər Muradovun APA-ya verdiyi məlumata görə, şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun məhsulların istehsal edilməsi üçün ilkin müsbət rəy verilib.

A.Muradov “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaqla bağlı təlimatın da şirkətə təqdim edildiyini nəzərə çatdırıb. Onun sözlərin görə, “Elba” MMC-nin dəstəyi ilə 2008-ci ildən Gəncə şəhərində fəaliyyət göstərən və “Halal Qida” MMC şəriət qaydalarına ciddi riayət etməklə yerli, ekoloji cəhətdən təmiz olan xammaldan istifadə edir və Azərbaycanda yeganə şirkətdir ki, özünün iri və xırda buynuzlu mal-qara, toyuq kəsimi müəssisəsi var. A.Muradov müəssisədə istehsalın daim Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən nəzarətdə saxlanıldığını da bildirib.

QMİ “SAB” və “Halal Qida” şirkətlərinin məhsullarına halal zəmanəti verib. Bundan əvvəl “SAB” şirkətinin satış müdiri Eldar Yusif Nərimanoğlu APA-ya açıqlamasında ilkin müsbət rəy aldıqlarını söyləyib. Halal ət məhsullar istehsal etməklə bağlı ilkin müsbət rəy alan digər şirkətlər isə “Səhliyalı” və “M&T LTD” şirkətləridir. İlkin müsbət rəy alan şirkətlərə daha sonra sertifikat təqdim ediləcək. Bu müddət ərzində həmin şirkətlərin məhsulları da satışda olacaq.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti tərəfindən bununla bağlı yoxlamalar aparılır. “Halal” standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində əsassız olaraq “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparılır. Reydlər zamanı bu cür istehsalçıların məhsulları müəyyən edildikdə satışdan çıxarılacaq və həmin istehsalçılara qarşı inzibati qaydalara uyğun sərt təbdirlər görüləcək.

Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, Azərbaycanda fəaliyyət göstərən cəmi 9 müəssisə Komitəyə “halal” standartının alınması ilə bağlı müraciət edib və artıq 4 belə müəssisəyə bu standarta uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib. O, “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat alacaq şirkətlərin adlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.

Xatırladaq ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında uzun müddət halal məhsulların istehsalına zəmanət verilməsi ilə bağlı mübahisəli durum yaşanıb. QMİ Bakı şəhərində fəaliyyət göstərən “SAB” və Gəncə şəhərində fəaliyyət göstərən “Halal Qida” şirkətlərinin məhsullarına halal zəmanəti verib. Mübahisəli durumun aradan qaldırılması üçün Dövlət Komitəsi İslam ölkələrindəki təcrübəni öyrənib və “Halal qida. Ümumi tələblər” dövlət standartını hazırlayaraq təsdiqləyib. Bundan sonra bu sahədə ciddi nəzarət tətbiq edilməyə, yoxlamalar aparılmağa başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR