Azərbaycan alimləri tullantıları zərərsizləşdirən və istifadə edən mini zavod ixtira edib - FOTO

Azərbaycan alimləri tullantıları zərərsizləşdirən və istifadə edən mini zavod ixtira edib - <span style="color: red;">FOTO
# 24 sentyabr 2013 14:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Problemləri İnstitutunun alimləri məişət və sənaye tullantılarını zərərsizləşdirən, bitkilər üçün gübrə hazırlayan səyyar mini zavod ixtira edib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, yeni texnologiya məişət tullantılarından təbii mineral birləşmələr əlavə etməklə gübrə almaq qabiliyyətinə də malikdir. Bu istiqamətdə tədqiqatlar institutun əməkdaşı, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərliyi ilə aparılıb. Mirəli Almasovun sözlərinə görə, qurğudan alınan gübrələr hər növ bitkilərin yetişdirilməsində istifadə oluna bilər. Mini zavodların sayının çoxaldılması və ölkənin bütün rayonlarında istifadəsi nəzərdə tutulur.

Yeni üsul AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodunda sınaqdan keçirilib və lazımi göstəricilər əldə olunub. Nəticələr Quba Regional Aqrar Elm Mərkəzində tətbiq olunub. Orada 0.5 hektarlıq sahədə əkilmiş yoncanın məhsuldarlığı göstərib ki, bu üsulla alınmış gübrə klassik yolla alınmış gübrədən geri qalmır. Tədqiqatların nəticələri Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəstəklənir. Bu günə qədər aparılmış tədqiqatlara və keçirilmiş sınaqlara Kimya Problemləri İnstitutu tərəfindən 3700 manat xərclənib.

Qeyd edək ki, ixtiraya Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyənin Sakarya Universitetindən patent alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR