Eldar Namazov: “Milli Şuraya paralel yeni qurumlar yaranmalıdır”

Eldar Namazov: “Milli Şuraya paralel yeni qurumlar yaranmalıdır”
# 15 noyabr 2013 11:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Şura öz fəaliyyətini bütövlükdə qiymətləndirməlidir. Təkcə struktur dəyişiklikləri deyil, yaxın zamanlar üçün hədəflər müəyyənləşdirilməlidir. Milli Şurada həm strukturlaşma, həm hədəflər baxımından müzakirələr aparılmalıdır. Bu qurum seçkilərə 2 ay qalmış yarandı və dərhal seçki prosesinə qatılmalı oldu. İndi isə Milli Şura ilə bağlı mövzular yenidən meydana gəldi. Buna bəziləri Milli Şuranın taleyini müəyyənləşdirmək adı verirlər, bəziləri Milli Şuranın həm strukturlaşdırılması, həm hədəf və strategiyasının müəyyənləşdirilməsi adı qoyurlar”.

Bunu APA-ya müsahibəsində Milli Şuranın İcra Aparatının rəhbəri, “El” Hərəkatının sədri Eldar Namazov deyib.

O, Milli Şura ideyasının müsbət olduğunu düşünür: “2008-ci ildəki prezident seçkilərində müxalifət partiyaları bir araya gəlib vahid namizəd irəli sürə bilmədilər, cəmiyyətdə də inamsızlıq, pessimizm əhval-ruhiyyəsi yaranmışdı. 2010-cu il parlament seçkilərində müxalifətin birliyi yarandı, seçkilərə qatıldı, yenə də vəziyyət dəyişmədi, fəallıq artmadı. Bunu da müsbət təcrübə adlandırmaq olmaz. 2008-ci il prezident və 2010-cu il parlament seçkiləri ilə müqayisədə 2013-cü ildə demokratik düşərgə, müxalifət birləşərək ortalığa vahid bir komanda qoydu, vahid namizədlə seçkilərə getdi. Cəmiyyətdə canlanma yarandı, siyasi meydana fəal gənclər, ziyalılar çıxdılar. Bu gün bu proses davam edir”.

E. Namazov Milli Şuradan bəzi insanların ayrılmasına da təbii baxıb. O, Ziyalılar Forumunun və Milli Şuranın yaranması tarixinə ekskurs edib və bildirib ki, Ziyalılar Forumu olmasaydı, Milli Şuranın yaradılması və cəmiyyətdə canlanma prosesi olmayacaqdı. E. Namazov hesab edib ki, Milli Şuranın uğurları ilə bərabər həm də çatışmayan cəhətləri var: “Ona görə də gələcəklə bağlı hədəfləri müəyyənləşdirmək haqqında danışanda mən təkcə Milli Şura məsələsini götür-qoy etmirəm. Məni düşündürən həm də odur ki, hansı yeni hədəflər olmalı, cəmiyyətin hansı yeni təbəqələri bu prosesə qatılmalıdır. Milli Şurayla bir yerdəmi, yaxud Milli Şurayla paralel olaraq hansısa yeni təbəqələrin maraqlarını təmsil edən yeni qurumlar yaranmalı, şəbəkələr formalaşmalıdır. Niyə başqa təbəqələrin maraqlarını təmsil edən qurumlar, şəbəkələr yoxdur? Niyə onlar bu prosesdən hələ kənardadır? Məni bu məsələlər də maraqlandırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR