İran, Böyük Britaniya və Çin liderləri arasında telefon danışığı olub

İran, Böyük Britaniya və Çin liderləri arasında telefon danışığı olub
# 20 noyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani və Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında telefon danışığı olub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, tərəflər əsasən İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrindəki son vəziyyət və iki ölkə arasında əlaqələrin yenidən bərpası ilə bağlı atılmış addımlarla bağlı fikir mübadiləsi aparıblar.

H.Ruhani hər iki tərəfin siyasi iradə ortaya qoyaraq dünyaya yeni bir pəncərə açmasının və beynəlxalq səhnədə ortaya çıxan problemləri əməkdaşlıq yolu ilə aradan qaldırmasının zəruri olduğunu bildirib. İran prezidenti həmçinin Cenevrə müzakirələrinə və əldə olunmuş gözəl nəticələrə toxunaraq deyib ki, bəzilərinin bəhanələr ortaya atmaqla “qələbədən qələbəyə” prinsipinə əsaslanan danışıqlar prosesinə əngəl törətməsinə icazə verilməməsi lazımdır. H.Ruhani vurğulayıb ki, qarşı tərəf də ciddi bir iradə ortaya qoymalı və hörmət dili təhdid və sanksiya dili yerinə keçməlidir: “Bu sahədə İran qətiyyətlə ayrı-seçkiliyi qəbul etməyəcək. Biz narahatlıqların bərabər və qarşılıqlı hörmət içərisində məntiqli bir şəkildə aradan qaldırılmasına çalışacağıq. Bu danışıqların nəticəsinin gərgin Orta Şərq bölgəsində sabitlik və təhlükəsizliyin təmin edilməsinə gətirib çıxarmasını təmənna edirəm”.

D.Kemeron isə Cenevrə müzakirələrində əldə olunmuş müsbət nəticələrdən məmnun olduğunu bildirib: “Böyük Britaniya hökuməti də danışıqlarda qarşılıqlı hörmətin əsas götürülməsini və əldə olunmuş şərtlərdən ən yaxşı şəkildə istifadə edilməsinin zəruriliyinə inanır. Biz də Cenevrə müzakirələrinin müsbət nəticələnməsini təmənna edirik”.

Bundan başqa, İran və Çin prezidentləri arasında da telefon danışığı olub. H.Ruhani bildirib ki, İran nüvə məsələsini beynəlxalq qaydalar çərçivəsində həll etmək mövzusunda qərarlıdır: “Nüvə müzakirələrində mühüm irəliləyiş əldə olunub. Bəzi problemlərin irəli sürülməməsi vəziyyətində tərəflər arasında razılaşmanın imzalanması mümkündür”. İran prezidenti deyib ki, Çin böyük və beynəlxalq məsuliyyəti olan təsiredici bir ölkə olaraq bəzi dövlətlərin həddindən artıq tələbləri qarşısında dayanmalıdır: “İran öz qanuni haqlarının qorunması ilə birlikdə öz nüvə proqramının dinc məqsədli və heç bir ölkəyə qarşı təhdid olmadığını sübut etmək istəyir”.

Şi Jin Ping də öz növbəsində vurğulayıb ki, Cenevrə müzakirələri Qərb ölkələri arasındakı fikir ayrılıqlarından dolayı müsbət nəticələnə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR