Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında QHT-lərin rolu mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında QHT-lərin rolu mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyun 2014 16:15 (UTC +04:00)

Bakı - APA. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Fondunun nümayəndələri, tanınmış macar aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətinin iştirakı ilə “Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təşkilatçı qurumlarım rəhbərləri ilə yanaşı, Azərbaycan Milli Məclisinin deputatları, QHT rəhbərləri və tanınmış KİV təmsilçiləri də iştirak ediblər.

ABAİ İB-nin sədri, millət vəkili Qənirə Paşayeva tədbirin məqsəd-məramı, ümumən macarıstanlı qonaqların respublikamıza səfəri ilə bağlı ətraflı bilgi verərək, belə səfərlərin qarşılıqlı maraq doğuran məsələlərin ictimai müzakirəsi, fikir alış-verişi, bir-birimizi daha yaxından tanımağımız baxımından böyük önəm daşıdığını bildirib. Macarıstanda Şuşa ilə, Ağdamla qardaşlaşmış şəhərlərin olduğuna diqqət çəkən Q.Paşayeva onların bu səfərdən sonra dostlarımız, qardaşlarımız olaraq, Macarıstanda və bütövlükdə Avropada haqq səsimizi daha geniş yayacaqlarına inandığını qeyd edib.

Macar nümayəndə heyətinin başçısı, Macar Turan Vəqfinin başqanı Androş Biro səfərin artıq bu günədək gerçəkləşmiş hissəsindən duyduqları məmnuniyyəti dilə gətirərək, Macarıstan-Azərbaycan münasibətlərinin dünəni, bu günü və gələcəyi mövzusunda fikirlərini bölüşüb. Bildirilib ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı, ümumən Azərbaycan həqiqətlərinin Macarıstanda və bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar: “Qarabağ mövzusunda Azərbaycanlı qardaşlarımızın yanındayıq və bu, məhz ədalətin yanında olmaqdır”.

Millət vəkili, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İB-nin İdarə Heyətinin üzvü Elman Məmmədov diqqəti Azərbaycan torpaqlarının işğalı faktına, Macarıstanın Azərbaycanın taleyüklü problemlərinə bəslədiyi münasibətə, eləcə də Azərbaycan üçün önəm daşıyan məqamlarda göstərdiyi qardaşlıq sədaqətinə görə təşəkkür edib.

Tədbirdə həmçinin BAMF sədri Umud Rəhimoğlu, ATXƏM başqanı İlham İsmayılov, Milli QHT Forumun prezidenti Rauf Zeyni, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, tanınmış sənətçi Şəmistan Əlizamanlı, “Türküstan qəzeti”nin baş redaktoru Aqil Camal, ictimai fəal Samir Turan və başqa şəxslər çıxış ediblər.

Tədbirin sonunda qonaqlara Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər və hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib. Nümayəndə heyətinin başqanı A.Biro isə iki qardaş ölkə arasında ictimai-mədəni işbirliyinə verdiyi töhfələrə görə xüsusi plaketlə təltif edilib.

Qeyd edək ki, macarların respublikamıza səfəri 13 iyunda başa çatır. Səfərin son günü qonaqlar macar mədəniyyət örnəklərini və milli sənətlərini nümayiş etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR