Sənaye üzrə yaradılmış işçi qrupların ilk iclasları keçirilib

Sənaye üzrə yaradılmış işçi qrupların ilk iclasları keçirilib
# 13 iyun 2014 15:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq sənaye müəssisələri ilə aparılan işlərin gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyində sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 işçi qrup yaradılıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu sahələr yüngül, ağac emalı və mebel istehsalı, kimya və əczaçılıq, aqrar, kompüter və elektron avadanlıq, metallurgiya, maşın və avadanlıq istehsalı, tikinti-inşaat materialları sənayesi sahələridir.

Sahə işçi qruplarının yaradılmasında əsas məqsəd müvafiq sahə üzrə mövcud vəziyyəti və tendensiyaları müzakirə etmək, həmin sahənin inkişafı ilə bağlı təkliflər hazırlamaq, müəssisələrarası əməkdaşlığı təşviq etməkdən ibarətdir.

İqtisadiyyat və Sənaye Nazirliyində yüngül və ağac emalı və mebel sənayesi üzrə isə işçi qrupların ilk iclasları keçirilib. İclaslarda bu sahələrdə fəaliyyət göstərən 20-dən çox şirkət iştirak edib.

İclaslarda ixracı imkanları, rəqabət qabiliyyətinin artırılması, markalanmanın təşviqi müzakirə olunub və növbəti iclasların keçirilməsi vaxtınadək istehsalçılardan təkliflərin qəbul edilməsi və bu təkliflərin öyrənilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR