Gəncədə iqtisadiyyatın inkişafında sahibkarlığın roluna dair tədbir keçirilib

Gəncədə iqtisadiyyatın inkişafında sahibkarlığın roluna dair tədbir keçirilib
# 18 mart 2014 11:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyevin 3 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının mahiyyəti, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədilə “Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər” mövzusunda növbəti tədbir keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Ədliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 200-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötüb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev çıxışında son illər Gəncədə sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, Gəncə-Qazax iqtisadi rayonunda özəl bölmənin dinamik inkişafı və dövlət dəstəyi hesabına yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Afina Babayeva Azərbaycanda sahibkarlığın inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlər görüldüyünü qeyd edib, “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın sahibkarlığın inkişafına verilən böyük önəmin və dəstəyin göstəricisi olduğunu qeyd edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev, Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev və Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirinin müavini Rüfət Oruclu sahibkarların hüquq və maraqlarının müdafiəsi, sahibkarların hesabatlarının elektron qaydada verilməsi barədə məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda dövlət başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına dair sahibkarları maraqlandıran sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR