Çingiz Fərəcov: “Azərbaycanda yem istehsalı yoxdur”

Çingiz Fərəcov: “Azərbaycanda yem istehsalı yoxdur”
# 01 may 2014 08:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda heyvandarlıq sahəsində ən böyük problem yemin məhdud olmasıdır. Ölkədə yem istehsalı yoxdur. Hər şərti heyvana tələb olunan yemin ancaq 30%-i ödənilir”.

Bunu “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyində heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin sabiq müdiri, heyvandarlıq sahəsi üzrə mütəxəssis Çingiz Fərəcov bildirib.

Mütəxəssis hesab edir ki, ölkədə mal-qaranın cins tərkibi yaxşılaşdırılmalıdır. Bu baş verməyənə qədər ət və süd istehsalı da aşağı olacaq: “Ona görə də bu sahənin inkişafı üçün ilk növbədə yem istehsalı artırılmalıdır. Yem olmadıqda, heyvandarlıq məhsullarının istehsalında məhdudiyyətlər ortaya çıxacaq” .

Ç.Fərəcov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti qarşısında xaşa, raps, soya, siloslu qarğıdalı, siloslu günəbaxan, perqo kimi bitkilərin əkini üçün sahibkarlara subsidiya verilməsi ilə bağlı məsələ qaldırıb: “Bu bitkilər heyvandarlığın inkişafı üçün çox lazımdır, lakin onlar ölkədə əkilmir. Respublikada mal-qara ancaq ot və küləş hesabına saxlanılır. Heyvanlara çox az miqdarda qüvvəli yem verilir”, - deyə Ç.Fərəcov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR