Azərbaycanda arxeoloji abidələrin atlası yaradılacaq

Azərbaycanda arxeoloji abidələrin atlası yaradılacaq
# 12 fevral 2014 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan ərazisində tədqiq olunmuş və gələcəkdə olunacaq arxeoloji abidələrin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınmasına başlanılacaq.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutda bu işlə bilavasitə “Arxeologiyada informasiya texnologiyalarının tətbiqi” sektoru məşğul olacaq. Sektor arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrin hazırlanması işini həyata keçirəcək.

Qeyd edək ki, arxeoloji tədqiqatlarda aparılan bu işlər zamanı ilk dəfə Coğrafi İnformasiya Sistemindən istifadə ediləcək. Azərbaycanın arxeoloji abidələrinin elektron xəritəsinin və maddi-mədəni nümunələrinin pasportunun yaradılması respublika ərazisindəki arxeoloji abidələrin müasir üsullarla mühafizəsi işinin, xüsusilə də onların elmi araşdırılmasının təkmilləşdirilməsinə xidmət edəcək.

Arxeoloji abidələrin atlasının yaradılması prezident İlham Əliyevin “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” na dair Sərəncamına əsasən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR