Bəstəkar və dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunub

Bəstəkar və dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunub
# 22 noyabr 2013 08:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bəstəkar və dirijor Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunub.

APA-nın məlumatına görə, yubiley tədbirində bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Yubiley tədbirində Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova, əməkdar incəsənət xadimi Sərdar Fərəcov və başqaları Əziz Əzizlinin yaradıcılığı, bəstəkar və dirijor kimi fəaliyyətindən danışıblar.

L.Hüseynova qeyd edib ki, Ə.Əzizli Qara Qarayevin tələbəsi olub, estrada janrında yazdığı əsərləri populyarlıq qazanıb. Bəstəkarın “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. əsərləri bu gün də ifaçıların repertuarında səsləndirilir.

Bəstəkarın “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları Azərbaycan klassik musiqi xəzinəsinin zənginləşməsində böyük rol oynayıb.

Yubiley gecəsində AzTV-nin Cahangir Cahangirov adına xoru, Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru və başqa kollektivlərin çıxışı olub, bəstəkarın əsərlərindən parçalar səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR