İqtisadiyyat və Sənaye Nazirliyində müşavirə keçirilib - FOTO

İqtisadiyyat və Sənaye Nazirliyində müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 14 yanvar 2014 14:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib. Toplantı prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı təşkil olunub.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2013-cü ildə qazanılmış iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin son iclasında Azərbaycan prezidenti proqram xarakterli çıxışında 2013-cü ildə görülmüş işlərə yekun vurub, 2014-cü ildə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib.

Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Belə ki, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının geniş təhlillər və araşdırmalar aparılmaqla hazırlanması mühüm vəzifə olduğu qeyd edilib, bu sahədə işlərin ən qısa müddətdə başa çatdırılması üçün müvafiq tapşırıqlar verilib.

Prezidentin müvafiq sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin Azərbaycanda «Sənaye ili» elan edilməsinə dair Tədbirlər Planının hazırlanması barədə konkret tapşırıq verildiyini vurğulayan Ş.Mustafayev sənədin qısa müddət ərzində hazırlanaraq təqdim edilməsi üçün Nazirliyin müvafiq strukturlarına göstəriş verib. Müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastruktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, Bakı-Astara yolunun, eləcə də kənd yollarının tikintisinin sürətləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi, iqtisadi təhlillərin səviyyəsinin yüksəldilməsi və yeni metodların tətbiqinin vacibliyi vurğulanıb, 2014-cü ildə sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da gücləndirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, maarifləndirmə tədbirlərinin, biznes forumların, işgüzar görüşlərin səmərəliliyinin artırılması, istehlak bazarına nəzarətin, istehlakçı hüquqlarının qorunması və süni qiymət artımına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, istehlakçı fəallığının artırılmasına nail olunması barədə Nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Müşavirədə İ.Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi mühüm vəzifə kimi qarşıya qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, ticarət əlaqələrinin daha da genişləndirilməsi, yeni və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsi əsas vəzifələrdən olduğu bir daha qeyd edilib, bu sahədə işlərin daha da gücləndirilməsi barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Nazirliyin müşavirəsində ekoloji tədbirlərin sürətləndirilməsi, göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi çirkləndirən müəssisələrin aidiyyəti qurumlarla birlikdə müəyyənləşdirilməsi və belə müəssisələrin siyahısının hazırlanması üçün Nazirliyin görəcəyi işlər müəyyənləşdirilib.

Müşavirəyə yekun vuran Ş.Mustafayev dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin keyfiyyətli və vaxtında icrasının təmin edilməsi üçün konkret tapşırıqlar verib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR