İranın xarici işlər naziri Cenevrəyə gedir

İranın xarici işlər naziri Cenevrəyə gedir
# 14 oktyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin nüvə proqramı ilə bağlı “5+1” formatında keçirilən danışıqlarda iştirak etmək üçün bu gün Cenevrəyə yola düşəcək.

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, nazir Cenevrədə keçiriləcək görüşlərdən danışıqlar üçün yeni tendensiyaların müəyyən edilməsini gözlədiyini bildirib.

“Danışıqlar 6 ildir davam edir və vəziyyət hələ də dəyişməyib. Mən bundan əvvəl İranla “5+1” qrupu arasında baş tutan danışıqlara qiymət vermək istəmirəm, çünki bu cür danışıqların gedişatı çətin olur. Ümid edirəm ki, oktyabrın 15-də keçiriləcək danışıqlarda razılaşma əldə olunacaq və hər iki tərəf yol xəritəsi üzərində işləməyə başlayacaq” - deyə İranın XİN rəhbəri bildirib.


İran xarici işlər nazirin müavini Səid Abbas Əraqçı isə “Press TV”-yə bildirib ki, rəsmi Tehran uranın sülh məqsədləri üçün zənginləşdirilməsi hüququndan vaz keçməyəcək. O deyib ki, uranın öz ərazisində zənginləşdirilməsi İran xalqının hüququdur və ölkə heç vaxt xaricə zənginləşdirilmiş uranın 1 qramını belə çıxarmayacaq: “Uranın ölkə hüdudlarından kənara daşınması bizim üçün qırmızı xəttdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR