AXCP İctimai Palatanın buraxılmasını istəyir, Müsavat Partiyası isə hələ mövqeyini müəyyənləşdirməyib

AXCP İctimai Palatanın buraxılmasını istəyir, Müsavat Partiyası isə hələ mövqeyini müəyyənləşdirməyib
# 13 dekabr 2013 11:50 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

F. Qəhrəmanlı bildirib ki, İctimai Palatada təmsil olunan qüvvələrin hamısı demək olar ki, Milli Şurada təmsil olunur. Onun sözlərinə görə, Milli Şura daha geniş təmsilçilik formatıdır, İctimai Palatada təmsil olunmayan vətəndaş cəmiyyəti institutları, partiyalar, media təmsilçiləri, o cümlədən müstəqil şəxslər də Milli Şurada təmsil olunur: “İctimai Palata parlament seçkilərinin nəticələrinin aradan qaldırılması üçün yaradılmışdı, artıq bu mərhələ arxada qalıb. Paralel qurumların saxlanılmasına ehtiyac yoxdur. İctimai Palata artıq funksiyasız bir quruma çevrilib və İctimai Palatanın buraxılması zərurəti meydana çıxıb”.

F. Qəhrəmanlı İctimai Palatanın buraxılmasının da artıq zaman məsələsi olduğunu qeyd edib: “Milli Şura yaranandan indiyə qədər İctimai Palatanın sessiyalarının keçirilməməsi də bu qurumun funksiyasını itirdiyini göstərir. Yəqin ki, İctimai Palatanın taleyi ilə bağlı qərar İctimai Palatanın Koordinasiya Şurasının toplantısında veriləcək”.

İctimai Palatanın üzvü, Müsavat Partiyanın Divan üzvü Tural Abbaslı isə APA-ya Milli Şura və hazırkı vəziyyətin Müsavat Partiyasında müzakirə olunduğunu bildirib: “İctimai Palata lazımdır, lazım deyil, bu barədə hələ Müsavat Partiyasında müzakirə aparılmır”.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu da APA-ya İctimai Palatanın gələcəyinin müzakirə edilməli olduğunu qeyd edib: “Yəqin ki, müzakirələr nəticəsində ortaya bir qərar da çıxacaq. İctimai Palatanın növbəti sessiyasının nə vaxt keçiriləcəyinə gəlincə, bununla bağlı sualı Müsavat başqanı İsa Qəmbər cavablandıra bilər. Mən öz fəaliyyətimin gələcəyini daha çox qəzet istiqamətində görürəm”.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn İctimai Palatanın gələcəyi barədə danışmaq istəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR