Azərbaycanın baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidentini qəbul edib - FOTO

Azərbaycanın baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 08 aprel 2014 15:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş prokuror Zakir Qaralovun dəvəti ilə Azərbaycanda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti, Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri Gerhard Yaroşun başçılıq etdiyi nümayəndə heyəti aprelin 8-də Baş Prokurorluqda olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, o cümlədən uğurla reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması barədə ətraflı məlumat verilib. Baş prokuror korrupsiya ilə mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət açaraq idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olaraq Avropada təşviqi və BPA-da təqdimatlarının keçirilməsini təklif edib.

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Gerhard Yaroş təmsil etdiyi qurumun fəaliyyətinə Azərbaycanın verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirib. Korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanıb. Gerhard Yaroş BPA-nın tədbirlərində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin təbliği ilə bağlı təqdimatların keçirilməsi barədə irəli sürülmüş təklifləri müsbət qarşılamaqla yanaşı, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi üçün birgə veb saytın yaradılması təklifi ilə çıxış edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasına gələrək müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilib, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Daha sonra Gerhard Yaroş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, habelə BPA-nın gənc üzvləri ilə görüşüb. Görüşdə Avstriya Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Beynəlxalq Prokurorlar Assosiasiyası nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR