Ombudsman fiziki və əqli inkişafı ləngiyən 3 yaşa qədər uşaqlarla bağlı təklif irəli sürüb

Ombudsman fiziki və əqli inkişafı ləngiyən 3 yaşa qədər uşaqlarla bağlı təklif irəli sürüb
# 11 yanvar 2014 12:51 (UTC +04:00)

Bakı - APA. Lənkəran və Yardımlı rayonlarında 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial kimsəsizliyinin profilaktikası, onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin minimuma endirilməsi və ailələrinin sosial xidmətlərə çıxışını təmin etmək üçün Günərzi Qayğı Mərkəzi fəaliyyətə başlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınmış sosial sifarişlə yaradılan bu mərkəzlər Lənkəran və Yardımlı rayonlarında avqust ayından etibarən kompleks sosial xidmətlər göstərirlər.

Mərkəzlərə bir valideynini və ya hər iki valideynini itirmiş, həmçinin qohumunun himayəsində olan, inklüziv təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunublar. “Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyinin Günərzi qayğı mərkəzlərinin fəaliyyəti ilə bağlı təşkil etdiyi Dəyirmi Masada çıxışları zamanı bu barədə danışan Ombudsman Aparatının əməkdaşları Y.Cəfərova və M.Mahmudov müvəkkil Elmira Süleymanovanın fəaliyyətində əhalinin müxtəlif kateqoriyalarının, köməyə daha çox ehtiyaclı qruplarının hüquqlarının müdafiəsinə geniş yer verildiyini, uşaqların, əlillərin hüquqlarının təmin olunması ilə bağlı silsilə tədbirlər keçirildiyini və bu istiqamətdə problemlərin ictimaiyyətin, müvafiq dövlət qurumlarının diqqətinə çatdırıldığını da qeyd ediblər. Eyni zamanda müvəkkil təsisatının bu sahədə geniş maarifləndirmə işi apardığı, Bakıda və müxtəlif bölgələrdə Ombudsman Aparatının regional mərkəzlərinin də cəlb olunduğu silsilə tədbirlərin keçirildiyi, mətbuatda müvafiq maarifləndirici yazıların verildiyi, təsisatda hazırlanmış plakatların və hüquqi nəşrlərin əhali arasında yayıldığı bildirilib. Ombudsman Aparatının əməkdaşları E.Süleymanovanın de-institutlaşmanın yerli reallıqlar nəzərə alınmaqla dünya təcrübəsinə uyğunlaşdırılması, yerlərdə vətəndaş cəmiyyəti, QHT-lər və icmaların imkanlarından istifadə etməklə Günərzi Qayğı mərkəzlərinin yaradılması, sosial iş üzrə mütəxəssislərin peşəkarlığının artırılması və könüllülərin sosial xidmət sahələrində çalışmağa həvəsləndirilməsi, onlar üçün bölgələrdə treninq-seminarların təşkil edilməsi ilə bağlı təkliflər irəli sürdüyünü nəzərə çatdırıblar. Qeyd edilib ki, ombudsman Günərzi Qayğı mərkəzlərində fiziki və əqli inkişafı ləngiyən və ləngimə riski olan 3 yaşa qədər uşaqların tibbi, sosial, psixoloji və pedaqoji baxımdan diqqətdə saxlanılması, belə ailələrə dəstək verilməsi, çətin şəraitdə yaşayan, əlilliyi olan uşaqlı ailələrin xüsusi qida və dərman vasitələri ilə təmin edilməsi, respublikanın müxtəlif regionlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin sayının artırılması, valideynlər arasında maarifləndirmə işlərinin aparılması, habelə çətin həyat şəraitində olan ailələrə təmənnasız tibbi, psixoloji, hüquqi yardımın təmin edilməsi ilə bağlı təkliflər irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR