Azərbaycan Təhsil Nazirliyi sistemi üzrə doktorantura və dissertanturaya qəbul başa çatıb

Azərbaycan Təhsil Nazirliyi sistemi üzrə doktorantura və dissertanturaya qəbul başa çatıb
# 07 yanvar 2014 12:43 (UTC +04:00)

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, yanvarın 10-da doktoranturaya qəbul olunanlar barədə ilkin məlumat açıqlanacaq.

Onun sözlərinə görə, Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya sənəd qəbuluna noyabrın 15-dən başlanılıb. Sənəd qəbulunun və imtahanların vaxtı hər bir ali məktəbin özü tərəfindən müəyyən edilərək həyata keçirilib: “Artıq bu proses bütün ali məktəblərdə başa çatıb. Hazırda bütün müəssisələrindən imtahanların nəticələri, qəbul olanların sayı barədə yekun hesabatlar nazirliyə təqdim olunur. Bütün proses yanvarın 10-da yekunlaşacaq və ictimaiyyətə ilkin məlumat açıqlanacaq. Bundan sonra, boş qalan plan yerləri və onlara əlavə qəbulun aparılıb-aparılmayacağı barədə məlumat veriləcək”.

Qeyd edək ki, bu il 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində 900-dən çox plan yeri ayrılıb. Belə ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400, o cümlədən dövlət sifarişli 279, ödənişli 121, dissertantlıq yolu ilə hazırlıq üzrə 351, o cümlədən dövlət sifarişli 254, ödənişli 97 yer nəzərdə tutulub. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69, o cümlədən dövlət sifarişli 68, ödənişli 1, dissertantlıq yolu ilə hazırlıq üzrə 93, o cümlədən dövlət sifarişli 89, ödənişli 4 yer nəzərdə tutulub.

Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilən layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti)”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR