“AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə Banqkokda keçirilən beynəlxalq sərgi-konfransda iştirak edir

“AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə Banqkokda keçirilən beynəlxalq sərgi-konfransda iştirak edir
# 19 noyabr 2013 13:46 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Tailandın paytaxtı Banqkokda “İTU Telecom World 2013” sərgi-konfransı öz işinə başlayıb.

APA-Economics”in xəbərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında təşkil olunmuş və dünyanın 190-dan çox ölkəsində İKT sahəsində ixtisaslaşan 700-dən artıq qurumun qatıldığı forumda dövlət və hökumət başçıları, mobil operatorlar, internet provayderləri, ekspert və alimlər iştirak edirlər.

Azərbaycan bu forumda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi altında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Sərgidə ölkəmizdə fəaliyyət göstərən 25 İKT şirkəti iştirak edir.

Tədbir çərçivəsində nazir Ə.Abbasovun müxtəlif ölkələrin rabitə tənzimləyici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirməsi, habelə konfransda çıxış etməsi gözlənilir. Sərgi-konfransın keçirildiyi günlərdə “Azərbaycan gecəsi” də nəzərdə tutulub. Gecəyə konfransda iştirak edən xarici ölkələrin başçıları, hökumət adamları və digər yüksək səviyyəli qonaqlar dəvət alıblar. Ölkəmizin milli pavilyonunda «Sazz 4G İnternet» şirkəti də yer alır və onu “AzQtel” şirkətinin prezidenti Ceyhun Mollazadə təmsil edir. C.Mollazadə konfrans çərçivəsində keçirilən müxtəlif sessiya və forumlarda iştirak edəcək.

Noyabrın 23-dək davam edəcək konfransda “Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi”, “Rəqəmsal dünyada şəxsi həyatın təhlükəsizliyinin təmin edilməsi”, “XXI əsrdə təhsil sahəsində İKT-nin əhəmiyyəti”, “IPv6 əsasında qurulmuş İnternet” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, noyabrın 20-də Banqkokda daha bir forum, 8-ci GTİ (Global TD-LTE İnitiative) seminarı öz işinə başlayacaq. Seminara xüsusi dəvət alan C.Mollazadə burada geniş məruzə ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR