«Moody’s» agentliyi «Bank of Baku»nun reytinqini artırıb

«Moody’s» agentliyi «Bank of Baku»nun reytinqini artırıb
# 16 dekabr 2013 13:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s» beynəlxalq reytinq agentliyi «Bank of Baku» ASC-nin uzunmüddətli reytinqini «B2» səviyyəsindən «B1» səviyyəsinə qədər yüksəldib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni reytinq «Bank of Baku»nun 2012-ci ilin audit olunmuş və 2013-cü ilin noyabr 30-dək audit olunmamış, Beynəlxalq Maliyyə Hesabatları Standartları əsasında hazırlanmış maliyyə hesabatlarına əsaslanaraq verilib.

«Moody’s»in qənaətinə görə, reytinqin yüksəldilməsinə təsir edən əsas amillər «Bank of Baku»nun güclü maliyyə göstəriciləri və möhkəm avtonom kreditləşdirmə imkanlarıdır. Digər güclü amillər kimi aktivlərin yüksək keyfiyyətli olması və mümkün ola biləcək itkilərin qarşılanması üçün kapital yetərliliyinin yüksək olması göstərilib.

Bununla bağlı «Bank of Baku» ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib ki, «Moody’s» 2012-ci ildə bankın uzunmüddətli reytinqi üzrə proqnozunu «stabil»dən «pozitiv»ə dəyişib. «Bu il Bankın səyləri nəticəsi olaraq reytinqimiz «B1» səviyyəsinə qaldırılıb. Çox şadıq ki, bankın maliyyə stabilliyinin qorunması, aktivlərin keyfiyyətinin yüksək saxlanılması, risklərin dəqiq hesablanaraq azaldılması, müştəri məmnuniyyətinin artması üçün atdığımız addımlar doğru olub və öz təsdiqini bu formada tapıb. Gələcək illərdə də reytinqimizi və hər kəsin bankımıza inamını yüksək səviyyədə saxlamaq üçün fəaliyyətimizi davam etdirəcəyik», – deyə F.Hüseynov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR