Azərbaycan dilinin milli transliterasiya standartlarının hazırlanması bu il başa çatdırılacaq

Azərbaycan dilinin milli transliterasiya standartlarının hazırlanması bu il başa çatdırılacaq
# 10 yanvar 2014 14:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda həyata keçirilməsi nəzərdə tutulan bütün işlər icra olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev APA-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycan dilinin milli transliterasiya standartlarının hazırlanması istiqamətində işlər görülür.

Onun sözlərinə görə, bu proses 2014-cü ildə yekunlaşacaq. H.Zərbəliyev qeyd edib ki, Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalara əməl olunmasında, reklamlarda, ictimai-iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə “qaynar xətt”in yaradılması nəzərdə tutulur. Bu “qaynar xətt” texniki məsələlər həll olunduqdan sonra fəaliyyətə başlanacaq.

Şöbə müdiri qeyd edib ki, hazırda AMEA Dilçilik İnstitutunda reformasiya işləri aparılır: “Ona görə digər məsələləri komplektləşdirmə başa çatana kimi bir qədər dayandırmışıq. Prezidentin fərmanında nəzərdə tutulduğu kimi, Dilçilik İnstitutu yeni struktura keçib və müasir tələblərə uyğunlaşdırılıb. Ona görə də institutun tərkibində bir sıra şöbələr bağlanıb və yeniləri yaranıb. İnstitutda monitorinq şöbəsi yaradılıb ki, gələcəkdə Azərbaycan dilinin qorunması, bu istiqamətdə monitorinqlərin aparılması ilə bu şöbə daha ciddi şəkildə məşğul olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR