MTRŞ: Ümid edirik ki, aztəminatlı ailələrə dekoderlərin verilməsi barədə Nazirlər Kabinetinə müraciətimiz müsbət həllini tapacaq

MTRŞ: Ümid edirik ki, aztəminatlı ailələrə dekoderlərin verilməsi barədə Nazirlər Kabinetinə müraciətimiz müsbət həllini tapacaq
# 08 yanvar 2014 10:57 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

Hazırda rəqəmsal yayımın analoq yayımla bərabər davam etdiyini söyləyən T. Məmmədov bildirib ki, dekoderlərə tam keçid yalnız analoq yayım dayandırıldıqdan sonra nəzərdə tutulub: “Analoq yayım tam dayandırılmayıb. Rəqəmsal tuneli olmayan adam analoq yayımla da proqramları izləyə bilər”.

T. Məmmədov, MTRŞ-nın Nazirlər Kabinetinə əhalinin aztəminatlı kateqoriyasına rəqəmsal yayım siqnallarını qəbul etmək üçün dekoderlər paylanılması ilə bağlı etdiyi müraciətin yaxın vaxtlarda həll olunacağını söyləyib: “Hələki həmin ailələrə dekoderlər paylanılmayıb. Amma bu proses davam edir. Ümid edirik Nazirlər Kabinetinə etdiyimiz müraciət müsbət həllini tapacaq. Demək olar ki, bu iş yaxın vaxtlarda yekunlaşacaq”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov isə APA-ya açıqlamasında bildirib ki, yanvarın 1-dən rəqəmsal yayıma keçidin tam başa çatması ilə vətəndaşların xarici kanallara açıq paketdə baxması məhdudlaşdırılıb: “Xarici telekanallar bağlı rejimə keçib, kodlaşdırılıb. Yerli kanallar yenə açıq şəkildə yayımını davam etdirir. Xarici kanallara baxmaq istəyənlər kabel operatorlarından birinə və ya “ATV+” paketinə qoşulmaqla baxa bilərlər. Xarici kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşulmalıdırlar. Paketin qiyməti 9 manatdır və TV paketə 86 xarici kanal daxildir”.

Anoloq yayımın rəqəmsal yayımla paralel getdiyini söyləyən V. Abbasov qeyd edib ki, hazırda ölkə ərazisində yayımlanan yerli kanallar (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) eyni qaydada analoqda da, rəqəmsal yayımda da yayımlanır: “Hər ikisi açıq yayımdadır. Sadəcə, xarici kanallar bağlıdır. Yayımı dayandırılan xarici kanallar sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR