Krım parlamenti avrointeqrasiyadan imtinanı dəstəkləyib

Krım parlamenti avrointeqrasiyadan imtinanı dəstəkləyib
# 27 noyabr 2013 14:11 (UTC +04:00)

Bakı - APA. Krım muxtariyyətinin parlamenti Ukrayna Nazirlər Kabinetinin Avropa Birliyi ilə assosiativ razılaşma üzərində işlərin dayandırılması qərarını dəstəkləyib.

APA-nın “Noviy Region”a istinadən verdiyi xəbərə görə, noyabrın 27-də Krım deputatları bu haqda müvafiq qərar qəbul ediblər.

Səsvermədən qabaq Krım parlamentinin spikeri Vladimir Konstantinov qeyd edib ki, Ukrayna hökuməti milli maraqlara cavab verən qərar qəbul edib və Krım əhalisinin böyük əksəriyyətinin bunu dəstəkləyir.

Qeyd edək ki, Krım parlamentində Ukraynanın hakim Regionlar Partiyası və Kommunist Partiyasının tərəfdarları çoxluq təşkil edir. Kommunist Partiyasının təmsilçisi Gennadi Narayev Ukrayna hökumətinin qərarını dəstəkləyən sənədə əlavə olaraq Gömrük İttifaqına inteqrasiyanın zəruriliyi haqqında bəndin salınmasını və bu məsələ ilə bağlı referendumun keçirilməsini təklif edib.

Qəbul edilən sənəddə deputatlar müxalifətçi “Svoboda”, “Batkivşina” və UDAR partiyaların hərəkətlərini pisləyərək, onları assosiativ razılaşma ətrafında isteriya yaratmaqda və ümumbəşər dəyərlərlə alverdə suçlandırıblar. Deputatlar hesab edirlər ki, bu, cəmiyyəti parçalanmaya aparır və ölkədə ictimai-siyasi vəziyyəti qeyri-stabilləşdirir.

Krım parlamentinin “Qurultay Ruh” müxalifət fraksiyasının nümayəndələri səsvermədə iştirak etməyiblər.

Xatırladaq ki, Ukrayna hökuməti Şərq tərəfdaşlığı ölkələri başçılarının noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III Sammitində Avropa Birliyi ilə assosiativ razılaşma və azad ticarət zonası haqqında saziş imzalamaq niyyətində olsa da, ötən həftə müqavilənin imzalanmasına hazırlıq dayandırılıb. Rəsmi Kiyevin mövqe dəyişməsini çoxları Rusiyanın təsiri ilə izah edirlər.

Ukrayna hökumətinin hərəkətinə cavab olaraq avrointeqrasiya tərəfdarları Kiyev və digər şəhərlərdə mitinqlərə çıxıblar. Ötən bazar paytaxtın mərkəzində keçirilən mitinqdə on minlərlə adam iştirak edib. Bir sıra şəhərlərdə etiraz aksiyaları davam edir. Etirazların miqyasının həftə sonu, Vilnüsdə AB sammiti start götürərkən böyüyəcəyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR