Azərbaycan prezidenti: “Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf edirlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir” - VİDEO

Azərbaycan prezidenti: “Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf edirlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir” - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2013 16:33 (UTC +04:00)

Bakı – APA. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əfsuslar olsun ki, son aylar ərzində heç bir irəliləyiş yoxdur. Ancaq biz bu aylar və əvvəlki illər ərzində Azərbaycanı böyük dərəcədə gücləndirə bilmişik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu gün Ermənistanla Azərbaycan arasında fərq dərinləşir, böyüyür: “Azərbaycan dinamik inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan bir ölkədir. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf etməyə məcbur olublar ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır. Çünki əgər bir ölkə 22 ildir, müstəqil ölkə kimi özünü təqdim etməyə çalışır, etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, o ölkə müstəqil ölkə kimi yaşaya bilməz. Sadəcə olaraq, buna vaxt lazımdır və əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim şübhəm yoxdur ki, belə də olacaq. Sadəcə, biz siyasətimizi bundan sonra da davam etdirməliyik. Bizim siyasətimiz həm tarixi ədalətə söykənir, eyni zamanda beynəlxalq hüquq normaları da bizim mövqeyimizi müdafiə edir”.

Prezident Azərbaycanın iqtisadi sahədə Ermənistandan ən azı 10 dəfə güclü olduğunu diqqətə çatdırıb: “Hərbi sahədə də üstünlüyü əldə edə bilmişik. Sadəcə olaraq, geosiyasi vəziyyət və bölgədə gedən proseslər hələ ki, bizi sülh danışıqlarına sövq edir. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaq və Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək, beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Ancaq biz onu da bilirik ki, dünyada beynəlxalq hüquq normaları bir çox halda kobudcasına pozulur, onlara məhəl qoyulmur, ikili standartlar mövcuddur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri saatlar içərisində icra edilir. Bizim məsələdə isə 20 ildən artıqdır ki, bu qətnamələr qəbul edilib, amma icra edilmir və heç kim də Ermənistanı məcbur etmir ki, o qətnamələr icra edilsin. Burada əlbəttə ki, biz yenə də ikili standartlarla üzləşirik. Artıq bu, sirr deyil. Bizim üçün çoxdan sirr deyil. Əminəm ki, Azərbaycan xalqı da bu məsələləri yaxşı dərk edir və anlayır ki, ikili standartlar, bəzi hallarda Azərbaycana qərəzli münasibət, Ermənistana əsassız xoş münasibət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində ən böyük əngəldir. Ancaq biz öz səylərimizi davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Həm diplomatiyada, siyasətdə, iqtisadi, regional təşəbbüslərdə biz Ermənistanı bundan sonra da təcrid vəziyyətində saxlamalıyıq və saxlayacağıq. Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə, 5-10 ildən sonra bir milyondan az əhali olacaq və demoqrafiya özü bir çox məsələləri həll edəcək. Bizdə isə demoqrafik vəziyyət çox müsbətdir. Əhali artır. Özü də əhalimizin əksəriyyəti gənclərdir, çox fəaldırlar. Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq. Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıb, deportasiya edilib, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə... Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır. Vaxt gələcək, biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq. Ona görə regionda gedən proseslərdə güclənən Azərbaycan artıq beynəlxalq amilə çevrilib. Ümid edirəm ki, bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnal olacaq ki, münaqişənin tezliklə həlli, o cümlədən onların da xeyrinədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR