Beynəlxalq Əlillər günü münasibətilə 3 saylı İnternat evində tədbir keçirilib

Beynəlxalq Əlillər günü münasibətilə 3 saylı İnternat evində tədbir keçirilib
# 03 dekabr 2013 10:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Xəzər rayonunun Şağan kəndində yerləşən 3 saylı İnternat evində tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, nazirliyin müvafiq bölmələrinin məsul şəxsləri iştirak edib.

Mərkəz barədə nazirə ətraflı məlumat verən İnternat evinin direktoru Pərvanə Hacıyeva bildirib ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirliyin Şağan 3 saylı internat evində əsaslı və yenidənqurma işləri aparılıb. Onun sözlərinə görə, bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılmaqla yanaşı, onların bacarıqlarının inkişafı üçün mühüm işlər görülüb: “Hazırda əqli və fiziki cəhətdən məhdudiyyətli və 5-18 yaş arasında olan 159 uşağın dövlət himayəsində yaşadığı Şağan 3 saylı internat evində əqli və fiziki vəziyyəti imkan verən uşaqlara müəyyən əmək vərdişləri də aşılanır. Artıq 20-dək uşaq müəssisədə fəaliyyət göstərən mini emalatxanada öz bacarıqları müqabilində və əmək müəllimlərinin təlimi əsasında müxtəlif növ, o cümlədən rəsm, tikiş, ağac üzərində oyma, saf və muncuqla toxuma və digər əl işləri hazırlayırlar”.

Nazir Səlim Müslümov və qonaqlar internat evinin foyesində balaca sakinlərin əl işlərindən ibarət sərgi, habelə uşaqların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə yaradılmış mini emalatxana ilə tanış olublar. Sonra nazir musiqi zalı, mətbəx, çörək sexi, uşaqların tibbi xidmət və dərman preparatları ilə təminatı, onların qida rasionu aparılan reabilitasiya prosedurları ilə yaxından tanış olub və internat evində hər bir uşağa daim diqqət və qayğı ilə yanaşılması, onların cəmiyyətdəki digər uşaqlar kimi həyat şəraitinə mailik olmaları üçün bütün tədbirlərin görülməsi barədə tapşırıqlarını verib: “Bu görülən işlər sadəcə 3 dekabr - Beynəlxalq Əlillər günü naminə belə olmasın. Günün istənilən vaxtı və saatında uşaqlara qayğı ilə yanaşılsın, onlara xüsusi diqqət və qayğı göstərilsin”.

İnternat evində incəsənət ustalarının iştirakı ilə uşaqlar üçün musiqili-əyləncəli konsert proqramı təqdim edilib və nazir tədbirdə balacalarla birgə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR