Azərbaycanda RSI indeksi kəskin azalıb

Azərbaycanda RSI indeksi kəskin azalıb
# 18 fevral 2014 14:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2014-cü ilin yanvar ayı üzrə 68,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dekabr ayının indeksindən 84,1 faiz bəndi azdır.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin yanvar ayında ümumi pərakəndə dövriyyəsi 1 665,9 mln. manat, ötən ilin dekabrında isə 2 431,0 mln. manat olub.

Göründüyü kimi, indeks azalandan sonra 100%-dən aşağı səviyyəyə düşüb. Aydındır ki, indeksin 100%-dən aşağı olması yanvar ayında pərakəndə ticarətin həcminin dekabrla müqayisədə azalmasını göstərir.

Qeyd edək ki, yanvarda pərakəndə ticarət dövriyyəsinin kəskin azalması texniki amillə, yəni dekabrdakı kəskin artımla bağlı olub. Belə ki, ənənəvi olaraq dekabr ayında pərakəndə ticarət dövriyyəsi kəskin artır və təbii olaraq yanvar üzrə müqayisəli göstərici aşağı olur. Halbuki, məsələn, yanvarda müşahidə olunan 1,666 mlrd. manatlıq göstərici ötən ilin aylıq göstəricilərindən (dekabr istisna olmaqla) yalnız iki dəfə (mart və oktyabrda) az olub. Ötən ilin yanvar ayı ilə müqayisədə isə indeks 9,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR