Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək
# 17 may 2014 11:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Mayın 19-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərraca ilkin olaraq 5 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,8083 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi - 21 dekabr 2023-cü ildir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti bu ilin yanvarın 22-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə fevralın 11-də başlanılıb və hərracda bu günədək 25 mln. manat həcmində istiqraz yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR