Əli Hüseynli ömürlük azadlıqdan məhrum olunmuş şəxsləri Əfv Komissiyasına müraciət etməyə çağırıb

Əli Hüseynli ömürlük azadlıqdan məhrum olunmuş şəxsləri Əfv Komissiyasına müraciət etməyə çağırıb
# 30 may 2014 13:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, hər iki layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Cinayət Məcəlləsinə dəyişikliklər komitədə xüsusi müzakirə olunub. Ağır və xüsusilə ağır cinayətlərin vətəndaşlar üçün təhlükə olduğunu vurğulayan Ə. Hüseynli qeyd edib ki, dəyişikliklər terrorçuluq, zorakılıq və digər belə hallarla bağlı ağır və xüsusilə ağır cinayətlərə görə cəza müddətinin 20 ilə qədər artırılmasını nəzərdə tutur.

Millət vəkili Fazil Mustafa deyib ki, dövlət siyasəti nəticəsində həyata keçirilən qətliam soyqırım sayılır: “Ancaq təklif olunan dəyişikliklərdə hansısa qrupun törətdiyi kütləvi qətl soyqırım kimi təqdim olunur. Bu məsələyə aydınlıq gətirilməlidir”.

Millət vəkili Elmira Axundova Suriyada, Ukraynada baş verən hadisələrin Azərbaycanı ayıq olmağa sövq etdiyini və Cinayət Məcəlləsinə dəyişiklikləri dəstəklədiklərini söyləyib.

Adil Əliyev də dəyişiklikləri dəstəkləyib: “Qəsdən adam öldürən şəxs fikirləşir ki, 9-10 il həbsdə yatıb, sonra azadlığa çıxacağam. Bu cəzanın da 1-2 ilini məhkəmə götürür. Ona görə də mən xüsusilə ağır cinayətlərlə bağlı cəzaların müddətinin ağırlaşdırılmasını dəstəkləyirəm”.

Çingiz Qənizadə gənclərin bir çoxunun şəhərə çıxarkən cibinə bıçaq qoyduğunu söyləyib: “Bu gün qəsdən adam öldürmə halları, bıçaqlama xəbərləri eşidirik. Qəsdən bədənə ağır xəsarət yetirmək günün reallığıdır. İnsanlar nəticə çıxarmayanda qanunun tələbləri ağırlaşdırılmalıdır. Bu gün Cinayət Məcəlləsinə dəyişikliklər cəmiyyətdən doğan bir sifarişdir”.

İqbal Ağazadə deyib ki, cinayət varsa, cəza da olmalıdır: “Bəzən uzunmüddətli həbslərdən çəkinərək insanlar cəza törətməkdən çəkinirlər. Ancaq bir məsələyə də diqqət çəkmək istəyirəm. Bu gün ömürlük azadlıqdan məhrum edilən xeyli şəxs var. Avropa Şurasına qəbul olarkən güllələnmə cəzası alan şəxslərin cəzasını ömürlük azadlıqdan məhrumetmə ilə əvəz etmişik. Bu insanların sayı azdır, məhkəmələr bu insanların işinə yenidən baxmalıdır. Ömürlük həbs cəzası 25-30 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə bilər. Tutaq ki, bir şəxs başqasını güllələyib, fikirləşib ki, o da güllələnər, qurtarıb gedər”.

Sədr Oqtay Əsədov İ. Ağazadənin son sözlərinə toxunub: “Deyirsiniz, fikirləşiblər ki, güllələnərlər, qurtarıb gedər. Ömürlük və uzunmüddətli həbs onun üçündür ki, görsünlər ki, qurtarıb getmir. Digər tərəfdən, qəsdən adam öldürməyə görə 10 il cəza verilir, cəzanın da 3-5 ili hansısa formada çəkilmir. Öldürən şəxsin qısa müddətdən sonra azadlıqda olması isə son nəticədə qan düşmənçiliyi hallarına da yol açır. Ona görə də belə hallara görə cəza müddətinin 20 ilə qədər artırılması məqbuldur”.

Ə. Hüseynov bildirib ki, vaxtında qətl törədənlər ölüm cəzasından çəkinmirdilər: “Bu baxımdan İqbal Ağazadənin söylədiklərinin bir əsası var. Sonradan Heydər Əliyevin tövsiyəsi və parlamentin qərarı ilə ölüm cəzası ləğv olundu. Ömürlük həbs cəzası əlbəttə ki, ağır cəzadır. Sadəcə, biz insanın yaşamaq hüququna hörmət etmişik. Digər tərəfdən, ömürlük həbs çəkən şəxslər bir neçə il əvvəl də bizə müraciət etmişdilər. Onlara məsləhət görüldü ki, kasasiya qaydasında müraciət etsinlər. Məhkəməyə müraciət edənlər var və onların işlərinə baxılıb. Ancaq daha düzgün çıxış yolu fərdi qaydada Əfv Komissiyasına müraciət etməkdir. Artıq onlar 20-25 il cəza çəkiblər, müəyyən yüngülləşdirici hallar da ola bilər. Onların Əfv Komissiyasına müraciət etmələri daha düzgün olardı”.

Ə. Hüseynli soyqırım cinayəti üçün dövlət siyasətinin əsas olmadığını bildirib: “Əhəmiyyəti yoxdur ki, Xocalı soyqırımını Ermənistan dövləti, yoxsa Qarabağ separatçıları həyata keçiriblər”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR