Azərbaycan İstanbulda keçirilən IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransında iştirak edib

Azərbaycan İstanbulda keçirilən IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransında iştirak edib
# 31 may 2014 11:24 (UTC +04:00)

Bakı - APA-Economics. Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı, Türkiyə Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin dəstəyi ilə İstanbulda IX Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə və informasiya texnologiyaları sahəsi üzrə tənzimləyici qurum rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

28 ölkədən 300 nəfərə yaxın yüksək səviyyəli nümayəndənin iştirak etdiyi “Yeni texnologiyalar və yeniliklərin tənzimləməyə təsiri” mövzusunda keçirilən konfrans telekommunikasiyanın tənzimlənməsi sahəsində bilik və təcrübələrin, həmçinin ölkələr arası rabitə məsələlərinin müzakirə və mübadiləsi məqsədi daşıyıb.

Konfransın açılış mərasimində nazir Əli Abbasov məruzə ilə çıxış edib. Nazir öz çıxışında Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlardan, həyata keçirilən genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən danışıb. Ölkəmiz və bütünlükdə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə toxunan nazir BMT-nin Baş Assambleyasının müvafiq qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance - EuraCA) barədə geniş məlumat verərək, bir çox dövlətlərin bu layihələrdə iştirakının faydalı olacağını diqqətə çatdırıb.

Konfrans çərçivəsində nazir Türkiyənin nəqliyyat, rabitə və dənizçilik naziri Lütfi Əlvan, Əfqanıstanın rabitə naziri Əmirzai Sangin, BMT İnkişaf Bürosunun rəhbəri Bahia Sono və digər rəsmi şəxslər və şirkət rəhbərliklərinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib.

Türkiyəli nazirlə keçirilən geniş tərkibli görüşdə Azərbaycanla Türkiyə arasında yüksək texnologiyalar, kosmik sənaye və poçt sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, eyni zamanda cari ilin 2-5 dekabr tarixlərində Bakıda təşkil olunacaq ənənəvi “Bakutel” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında daha çox türk şirkətlərinin öz məhsul və xidmətlərini təqdim etməsi ilə yanaşı, “Azərbaycan-Türkiyə Birinci Yüksək Texnologiyalar Forumu”nun da keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR