Vaşinqtonda “Şərq Tərəfdaşlığı” barədə müzakirələr keçirilib - FOTO

Vaşinqtonda “Şərq Tərəfdaşlığı” barədə müzakirələr keçirilib - <span style="color: red;">FOTO
# 19 noyabr 2013 06:58 (UTC +04:00)

Bu maraqları cavablandırmaq məqsədilə ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan “İrs Fondu” (Heritage Foundation) tərəfindən noyabrın 18-də “Şərq Tərəfdaşlığının Avropa Birliyi ilə assosiasiya sazişləri” başlıqlı tədbir təşkil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, “İrs Fondu”nun aparıcı tədqiqatçısı Ariel Koenin moderatorluq etdiyi panelə natiqlər qismində “Şərq Tərəfdaşlığı” ölkələrindən Ukrayna səfiri Oleksandr Motsik, Gürcüstan səfiri Arçil Qeqeşidze, Azərbaycanın səfiri Elin Süleymanov və zirvə görüşünə ev sahibliyi edəcək Litvanın səfiri Jiqimantas Pavilionis qatılıblar.

Müzakirələr zamanı Ukrayna səfiri ölkəsində AB-yə inteqrasiya, o cümlədən assosiasiya sazişinin imzalanması üzrə milli konsensusun mövcud olduğunu, Ukrayna xalqının müstəqillik illərinin ən mühüm dövrlərindən birini yaşadığını söyləyib və həmin sazişlə bağlı açıq qalan məsələlərin tezliklə həll edilərək onun Vilnüs zirvə görüşündə imzalanacağına inamını ifadə edib.

Gürcüstan səfiri ölkəsinin Avroatlantika məkanına qatılmaq siyasətini davam etdirdiyini, Vilnüsdə paraflanacaq assosiasiya sazişinin Avropa Birliyi ilə əməkdaşlıq sahəsində yeni bir səhifə açacağını və Gürcüstanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkənin AB ilə münasibətlərin inkişafında qət etdiyi yola nəzər salıb, mövcud əlaqələrin yüksək səviyyəsindən söz açıb və bu mənada xüsusilə prezident İlham Əliyevin cari ilin iyununda Brüsselə səfərinə istinad edib. Müxtəlif sahələrdə qabaqcıl inkişaf səviyyəsini təmin etmək məqsədilə Azərbaycanın Avropaya inteqrasiya seçiminə sadiq qaldığını deyən səfir Süleymanov Azərbaycanın “Şərq Tərəfdaşlığı” çərçivəsində aparılan fəaliyyətlərdə yaxından iştirakı barədə məlumat verib. O, Vilnüs zirvə görüşü zamanı Azərbaycan və AB arasında viza prosedurlarının asanlaşdırılması haqqında sazişin imzalanmasının gözləndiyini qeyd edərək, digər mühüm sənədlər üzərində işin davam etdiyini açıqlayıb. Diplomat xatırladıb ki, üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetirən Azərbaycan bir qayda olaraq beynəlxalq sənədlərin razılaşdırılmasına böyük diqqətlə və öz milli maraqlarından çıxış edərək yanaşır. Azərbaycanın AB-nin enerji təhlükəsizliyinə verdiyi töhfəni ayrıca vurğulayan səfir bu sahədə qarşılıqlı maraqlara əsaslanan məhsuldar əməkdaşlığı vurğulayıb. E. Süleymanov malik olduğu strateji mövqe, Qərb və Şərq arasında oynadığı körpü rolu və beynəlxalq əlaqələr sistemində məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın AB-nin mühüm tərəfdaşı olduğunu söyləyib. O, bundan əlavə Dağlıq Qarabağ münaqişəsi üzrə AB-nin ölkənin ərazi bütövlüyünü dəstəkləməsi və münaqişənin nizamlanması üzrə prinsipial mövqe nümayiş etdirməsinin daşıdığı ümdə əhəmiyyəti önə çəkib.

Litva səfiri öz növbəsində Vilnüs zirvə görüşünün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşərək, Avropa Birliyinin digər üzvləri ilə birlikdə “Şərq Tərəfdaşlığı”nın uğur qazanması üçün səylərini davam etdirdiklərini deyib və tərəfdaş ölkələrə bütün sahələrdə dəstək verməyə hazır olduqlarını açıqlayıb. Səfir Pavilionis Avropa Birliyi və Azərbaycanın qarşılıqlı olaraq bir-birinə ehtiyacı olduğunu vurğulayıb.

Müzakirələr əsnasında Ermənistanın 3 illik danışıqlardan sonra Avropa Birliyi ilə inteqrasiya prosesindən geri çəkilərək Gömrük İttifaqına qoşulmaq qərarına dair müxtəlif şərhlər səsləndirilib.

Müzakirələrə yekun vuran A. Koen öz tərəfindən Azərbaycandan danışarkən, ölkədə demokratik dəyərlər və dünyəvi idarəçiliyin bir əsrlik tarixi köklərə malik olduğunu və o cümədən, Azərbaycanda qadınların bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ qazandığını xatırladıb. O, həmçinin bir daha Azərbaycanın AB-yə verə biləcəyi töhfələrdən söz açaraq, ölkənin strateji əhəmiyyətini vurğulayıb.

Yekunda çıxışçılar tədbirə qatılan müxtəlif dairələrin təmsilçilərindən ibarət iştirakçıların suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR