Azərbaycanın Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara 33 mln. manat güzəştli kreditlər verilib

Azərbaycanın Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara 33 mln. manat güzəştli kreditlər verilib
# 22 avqust 2013 12:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şamaxı rayonunun Həmyəli kəndində keçirib. Tədbirdə 100-dən çox sahibkar iştirak edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdən əvvəl rayonun Çarhan kəndində müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə və 60 hektar ərazidə salınan yeni üzüm bağına baxış keçirilib.

Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayonda prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 2 871 investisiya layihəsinin maliyyələşdirilməsinə 216,8 mln. manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 8 700-ə yaxın yeni iş yerinin yaradılacağını qeyd edib.

O bildirib ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 980-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 33 mln. manat güzəştli kreditlər verilib: “Bu kreditlər hesabına 4 200-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur”.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 57 sahibkara 688 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, arıçılıq, quşçuluq, üzümçülük, yun emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşması 90-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR