Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın əsas məqsədi adambaşına düşən ÜDM-in həcmini 2 dəfə artırılmasına nail olmaqdır.
“APA-Economics”in verdiyi xəbərə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru” konfransda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov deyib.
Hazırda adambaşına düşən ÜDM-in 8 min dollar olduğunu deyən R. Məmmədov qeyd edib ki, məqsəd bu göstəricini 13 min dollar səviyyəsinə qaldırmaqdır. Azpromo rəhbəri qeyd edib ki, bu, iqtisadiyyatın şaxələndirilməsi hesabına baş verməlidir.
O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanda qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payı 85%-ə çatdırılacaq. R. Məmmədovun sözlərinə görə, bu məqsədlə ildə bu sahənin ÜDM-dəki payının təxminən 7% artırılması nəzərdə tutulub.
R. Məmmədov əlavə edib ki, əsas prioritetlərdən biri sənaye parklarının yaradılmasıdır: “Bu günə qədər ölkədə 3 sənaye parkı yaradılıb. Bunlar Sumqayıt, Balaxanı və Mingəçevir sənaye parklardır. Son zamanlarda prioritet layihələrə aqrar-sənaye parklarının yaradılması da daxildir. Bu yaxınlarda 2 aqrar-sənaye parkı təhvil veriləcək”.